Dünyada mövcud olmuş dövlətlərin başçılarından yalnız bir qisminin adları tarixin yaddaşına qurucu və xilaskar kimi həkk olunub. Belə şəxsiyyətlərin həyatı və irsi daim öyrənilir və ondan nümunə götürülür. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi qurucu və xilaskar dövlət başçısı olmuşdur.

İstər Sovet Azərbaycanı, istərsə də müstəqil Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə Heydər Əliyev irsinin təhlili göstərir ki, o, həyatını öz xalqının təhsilinin, elminin, mədəniyyətinin və iqtisadiyyatının yüksəlməsinə həsr etmişdir. Onun çıxışları, nitqləri, müsahibələri təkcə həmin dövr üçün deyil, sanki həm də gələcək nəsillərin faydalanması və nəticə çıxarması üçün söylənmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarını hazırladıqları “Heydər Əliyev. Elektron sənədlər toplusu” resursu məhz Heydər Əliyev irsinin öyrənilməsinə və onun təbliğinə xidmət edir. Prezident Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ərəfəsində bu elektron resursun bölmələri yenilənib və Konfrans zalında geniş kitab sərgisi nümayiş etdirilir.

“Heydər Əliyev. Elektron sənədlər toplusu” 9 fəsil və 58 bölmədən ibarətdir.
Elektron sənədlər toplusunun “Ümummilli lider” fəslinə “Bioqrafiya”, “Rəhbərlik illəri”, “Təltifləri”, “Seçilmiş fikirləri”, “Xatirəsinin əbədiləşdirilməsi” bölmələri daxil edilib. Sənədlər toplusunun “Xronologiya (1923-2003)” fəslində Ümummilli liderin 1923-1969, 1969-1982, 1983-1990, 1990-1993, 1993-2003-cü illəri əhatə edən həyat və fəaliyyətinin əsas məqamlarını özündə əks etdirən materiallar toplanılıb. Elektron sənədlər toplusunda Ulu Öndərin irsi üç dövr üzrə qruplaşdırılıb. 1969-1982-ci illəri əhatə edən birinci dövrdə onun Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxt tariximizə və mədəniyyətimizə dair seçilmiş məruzə və çıxışları, 1989-1993-cü illəri əhatə edən ikinci dövrdə əsasən Naxçıvanda yaşadığı və işlədiyi illərə aid çıxışları, müsahibələri, 1993-2003-cü illəri əhatə edən üçüncü dövrdə isə Azərbaycan Respublikasının Prezidenti kimi AZƏRTAC tərəfindən yayılan çıxışları, nitqləri, müsahibələri, bəyanatları və müraciətləri ayrı-ayrı illər üzrə qruplaşdırılaraq internet istifadəçilərinə təqdim olunur.

1993-2003-cü illəri əhatə edən “Xarici siyasət fəaliyyəti” fəslinə “Xronologiya” və “Rəsmi sənədlərin biblioqrafiyası” (qanunlar, fərmanlar və sərəncamlar) bölmələri daxil edilib. “Məşhur adamlar Heydər Əliyev haqqında” adlı fəsildə hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev haqqında dünyanın ən sayılıb-seçilən siyasətçilərinin və dövlət xadimlərinin fikirləri toplanılıb. “Müstəqilliyimiz əbədidir. Elektron külliyyat” fəslinə Heydər Əliyevin əsərlərinin 46 cildinin elektron versiyaları daxil edilib. “Biblioqrafiya” bölməsində kitabxananın fondunda olan Heydər Əliyevlə bağlı müxtəlif dillərdə 1200 adda kitabın və 27 avtoreferatın, 6550 qəzet və jurnal məqaləsinin biblioqrafik təsviri internet istifadəçilərinə təqdim edilir. “Fotoqalereya”nın “Fotoalbom” bölməsində Heydər Əliyevin ömrünün müxtəlif məqamları, “Fotosənəd” bölməsində isə onunla bağlı müxtəlif sənədlərin surətləri əks etdirilir.

Elektron resurs son dövrdə Heydər Əliyev haqqında müxtəlif dillərdə çap olunan kitabların elektron versiyaları ilə də zənginləşdirilib. Həmçinin kitabxananın fonduna daxil olan qəzet və jurnallarda Heydər Əliyev haqqında dərc edilən 670 analitik və təhlili məqalələrin elektron versiyaları da elektron nəşrə əlavə edilib.

Kitabxananın layihələri içərisində ən çox müraciət olunan bu elektron resursdan indiyədək 40 minə yaxın istifadəçi faydalanıb.

Sənədlər toplusuna həm Prezident Kitabxanasının saytı (www.preslib.az), həm də ayrıca subdomenlə (http://heydaraliyev.preslib.az/) daxil olmaq mümkündür.

 

 

Azərbaycan. - 2022.- 6 may. - № 93. - S. 13.