“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşri Azərbaycanın elmi həyatında mühüm hadisədir

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim edilən əsər haqqında qısa məlumat verərək fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşrini müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisə adlandırıb. Bildirilib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə sanballı töhfədir. Bir neçə gündən sonra dövlət müstəqilliyimizin bərpasının 25 illiyi tamam olur. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla yubileylə bağlı Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq Azərbaycan müstəqilliyinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu tədbir də onlardan biridir.

Azərbaycanın dövlətçilik tarixinin son dövrlərinə ekskurs edən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində xalqımız böyük çətinliklərlə üzləşmişdi. Siyasi ziddiyyətlər baş qaldırır, cəmiyyətdə emosionallıq hökm sürürdü. Müstəqilliyin doğurduğu yüksək əhval-ruhiyyə çox keçmədən xaosla əvəz olundu və ideoloji boşluq yarandı. Sonradan Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin göstərdiyi yolla gedərək səfərbər oldu və milli dövlət quruculuğu istiqamətində ardıcıl addımlar atılmağa başlandı.

“1993-cü ildən sonrakı dövr müstəqil Azərbaycan dövlətinin formalaşmasında dönüş nöqtəsi sayıla bilər. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik və ardıcıl siyasi kurs ölkənin inkişafı üçün təməl oldu. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tam siyasi sabitliyə nail olub”, - deyə Ə.Mehdiyev vurğulayıb.

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin əhəmiyyətindən söz açan Prezident Administrasiyasının rəsmisi bu dəyərli nəşrə görə Tarix İnstitutunun əməkdaşlarına təşəkkürünü bildirib.

Təqdimatı keçirilən ikicildlik son illərdə institutda nəşr olunan digər çoxsaylı sanballı əsərlər kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Bu barədə məlumat verən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür.

Bildirilib ki, birinci cild fundamental elmi araşdırma olmaqla müstəqillik tariximizin 1991- 2003-cü illərini əhatə edir. Bu dövr müstəqil Azərbaycanın tarixinə Heydər Əliyev dövrü kimi daxil olub. Əsər Tarix İnstitutunda Heydər Əliyev irsinin araşdırılması məqsədilə aparılan çoxsaylı elmi tədqiqat işləri əsasında yazılıb. “Azərbaycan Respublikasının tarixi”nin birinci cildində 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cildin digər fəsli qorxunc təhlükələrlə üz-üzə qalmış Azərbaycan dövlətçiliyinin xilası üçün Heydər Əliyevin rəhbərlik etdiyi qurtuluş hərəkatından bəhs edir. Digər fəsillərdə oxuculara Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında yorulmaz fəaliyyəti barədə geniş məlumat verilir. Bu mövzular arasında Azərbaycan Respublikasının xarici siyasətinə həsr olunmuş fəsil diqqəti xüsusilə cəlb edir.

Qeyd olunub ki, kitabın ikinci cildində 2003-2016-cı illərdə ölkədə həyata keçirilən geniş islahatlar proqramının icrasına, aparılan böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində qazanılmış uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr edilib. Vurğulanıb ki, sosial-iqtisadi inkişafın müasir Azərbaycan modelinin formalaşdığı və həyata keçirildiyi bu dövr müstəqil Azərbaycanın tarixinə İlham Əliyev dövrü kimi daxil olub. Təsadüfi deyil ki, ikinci cild “Müstəqillik tariximizin İlham Əliyev dövrü” adlı məqalə ilə açılır. Burada dövlətimizin başçısının mürəkkəb tarixi şəraitdə həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsinə və Cənubi Qafqazın lider dövlətinə çevrilməsindən bəhs olunur.

Y.Mahmudov deyib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi bu sahə üzrə görkəmli mütəxəssis, professor Əli Həsənovdur.

Əsərin tədqiqatçılar, təhsil sistemi işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edən Tarix İnstitutunun direktoru bu nəcib işdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin akademik katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Fəzail Ağamalı və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, kitabda Azərbaycan dövlətçilik tarixinin son 25 illik dövrünün hər bir mühüm məqamı əksini tapıb. Tarix İnstitutunun əməkdaşları ilə yanaşı, tanınmış mütəxəssislərin böyük zəhməti sayəsində işıq üzü görən bu fundamental kitablar Azərbaycanın ən yeni tarixinin araşdırılmasına və yubileyə gözəl hədiyyədir. Dövlətçilik ənənələrinin lakonik formada təqdim olunması əsərin dəyərini daha da artırır.

 


Azərbaycan.-2016.-14 oktyabr.-№226.-S.3.