Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin də günahı var idi
Xanlar Vəliyev: “Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğular muzeydə saxlanılır”
Xocalı faciəsinin baş verməsində müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da üzərinə düşür. Bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib.
Hərbi prokuror xatırladıb ki, Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib: “Amma о zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllibov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdi”.
О bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: “Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”.
Fevralın 16-da Prezident Kitabxanasında Azərbaycan Hərbi Prokurorluğu ilə AMEA Tarix institutunun birgə ərsəyə gətirdikləri “Soyqırım muzeyi” kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanmış “Əsrin Faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Respublika Hərbi prokuroru Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırım Muzeyi XX əsrin əvvəllərindən erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib: “Muzey 4 bölmədən - tarix, deportasiyalar - repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla, 320 kvadrat-metrlik sahəni əhatə edir”.
Təqdimat mərasimində bildirilib ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri barəsində tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.
X.Vəliyev deyib ki, muzeyin soyqırımlar və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, habelə Xocalı və ətraf əraziləri əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib: “Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır”.
Xanlar Vəliyev deyib ki, Azərbaycan Silahlı Qüvvələrində intihar hallarının sayı azalıb. О qeyd edib ki, intihar təkcə hərbi hissələrdə, Azərbaycanda yox, dünyanın hər yerində artıb: “Amma bizdə çox gözəl nəticədir ki, ildən-ilə Azərbaycan Silahlı Qüvvələrində və təkcə Müdafiə Nazirliyində deyil, digər silahlı birləşmələrdə də baş verən intihar hadisələrinin sayı hər il azalmaqda davam edir. Bunun müxtəlif səbəbləri olur. Hərbi xidmətlə bağlı məsələlərlə də olur”.
X.Vəliyev bildirib ki, bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmirlər: “Nizamnamə ilə tələb olunan hərəkətləri etmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər. Bəzi hadisələr isə ailə məişət məsələləri ilə bağlı olur. Hərbidə baş verən hər bir intihar hadisəsi, ümumiyyətlə ölümlə nəticələnən hadisələr hərbi prokurorluq tərəfindən qeydə alınır və bu hadisələr üzrə cinayət işi başlanılır, istintaq olunur. Həmin hadisələrdə əgər hər hansı şəxsin günahı müəyyən olunursa, o, cinayət məsuliyyətinə cəlb olunur”.
Mövqe.- 2017.- 17 fevral. -№ 30.- S.4.