Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması vətəndaşlarda Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin formalaşmasına, onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə bilavasitə xidmət edir.
“Azərbaycan. Dövlət rəmzləri və atributları” Elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Elektron nəşrdə (Azərbaycan, ingilis və rus dillərində) dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanılaraq xronoloji ardıcıllıqla əks etdirilmişdir.
Elektron nəşrdə, həmçinin Azərbaycanın xanlıqlar dövrünün bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, sovet hakimiyyəti illərində Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanılmışdır.
Ətraflı bax: http://symbols.preslib.az