Dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Hər il oktyabrın 18-i dövlət müstəqilliyi günü olaraq bayram edilir.
XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.
80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. Kommunist Partiyası Sovet imperiyasını mövcud vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.
1988-ci ilin əvvəlindən Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi.
Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi, habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Azərbaycan xalqının səbir kasası getdikcə tükənirdi. Etiraz dalğası gündən-günə böyüyürdü. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü 1988-ci il noyabrın 17-dən başlandı. Meydan xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi idi. Meydan xalqda özünə inam yaratdı, ona ümummilli mənafe uğrunda birləşmək bacarığı aşıladı. Hər il noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü olaraq qeyd edilir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirdi. Azərbaycan xalqı “Qanlı Yanvar”dan böyük dərs aldı, imperiya əsarətində yaşamağın mümkünsüzlüyünü dərk etdi, mübarizəni dinc siyasi vasitələrlə davam etdirməyə başladı.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında qeyd edilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra onun beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi başlandı. Azərbaycan Respublikası 8 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 30 yanvar 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 2 mart 1992-ci ildə BMTyə üzv qəbul edildi. 4 aprel 1992-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edildi.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü. Hacıbəyov, sözləri Ə. Cavad), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi.
Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü kimi, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.
1993-cü ilin may-iyununda hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə Heydər Əliyev ozamankı ölkə rəhbərliyi tərəfindən Bakıya dəvət edildi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmışdı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. 1991-1994-cü illərin hadisələri göstərdi ki, dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. İqtisadi islahatların həyata keçirilməsinə başlanıldı.
Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridildi,  ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommuniksiya infrastrutkrunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir.
Hazırda müstəqil Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur.
Azərbaycan Respublikası özünün unikal etnik və dini müxtəlifliyi, burada yaşayan xalqların birgəyaşayış ənənələri, tolerantlığı və multikulturalizm siyasətinin yeni modeli ilə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanına çevrilmişdir.
Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Onun ərazi bütövlüyü həm beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri tərəfindən tanınır. Dövlət Müstəqilliyi Günü ərəfəsində Azərbaycan ordusu 1991-1993-cü illərdə Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərinmizin azad edilməsi, ölkə ərazisində dövlət suverenliyinin bərpa edilməsi istiqamətində bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlar keçirir.
Azərbaycan dövlətinin milli maraqlara əsaslanan həyata keçirdiyi məqsədyönlü siyasət ona həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuz qazandırır.