Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan daim türkdilli ölkələrlə sıx əlaqələrə və əməkdaşlığa xüsusi əhəmiyyət vermiş, ortaq tarixi, dili və milli-mədəni dəyərləri özündə birləşdirən türk xalqları arasında istər mədəni, istərsə də ictimai-siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermişdir. Təsadüfi deyildir ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə qardaş Türkiyə Cümhuriyyəti olub. Müstəqilliyin ilk illərindən Avropa ölkələri ilə yanaşı, türkdilli ölkələrlə də diplomatik münasibətlərin yaradılması onlar arasında ictimai-siyasi, mədəni əlaqələrin bərpa edilməsində yeni bir səhifə açdı.
2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə qədim türk diyarı olan Naxçıvan şəhərinə gəlmiş Türkiyə, Qazaxıstan, Qırğızıstanın və Türkmənistan dövlət və hökumət başçıları bir sıra mühüm məsələləri müzakirə etdilər. Məhz həmin görüş çərçivəsində aparılan müzakirələr zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü adı ilə mütəmadi olaraq keçirilməsi təklif olunmuşdur. Bütün tərəflər buna razılaşdılar. Bununla da Prezident İlham Əliyevin müdrikcəsinə təşəbbüs göstərərək türk liderlərini öz “Ata ocağı”na dəvət etməsi möhtəşəm bir əməkdaşlıq formatının təməlini qoymuş oldu.
Naxçıvan Zirvə toplantısında ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə təkliflərin səsləndirilməsi və görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan Bəyannaməsinin imzalanması mühüm hadisə oldu. Ona görə hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Həmin bəyannaməyə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ-Türk Şurası) kimi mühüm qurum yaradıldı ki, növbəti illərdə Şura fəaliyyəti ilə türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdi. Şura beynəlxalq hökumətlərarası təşkilat kimi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə özündə bir sıra missiyaları ehtiva edir.
TDƏŞ-nin fəaliyyəti ötən dövrdə bir sıra keyfiyyət dəyişiklikləri ilə nəzərə çarpıb. Özbəkistanın qurumun üzvlüyünə qəbul olunması, Macarıstanın paytaxtı Budapeşt şəhərində Şuranın ofisinin açılması bunun bariz ifadəsidir. Bu, türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin daha da genişlənəcəyindən xəbər verir.
Türkdilli dövlət başçılarının siyasi iradəsi olaraq yaranmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müxtəlif sahələrdə türkdilli dövlətlər arasında tədbir və görüşlər yeni əməkdaşlıqların və layihələrin reallaşmasına öz töhfəsini verir.
TDƏŞ təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum,  Astana (Nur-Sultan), Çolpon-Ata və Bakı olmaqla yeddi şəhərdə Zirvə görüşləri keçirilib:
Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü (Naxçıvan, 3 oktyabr 2009-cu il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə toplantısı (Almatı, 21 oktyabr 2011-ci il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə görüşü (Bişkek, 23 avqust 2012-ci il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı (Qəbələ, 16 avqust 2013-cü il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı (Bodrum, 5 iyun 2014-cü il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti (Astana, 11 sentyabr 2015-ci il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü (Çolpon-Ata, 3 sentyabr 2018-ci il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü (Bakı, 15 oktyabr 2019-cu il)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bu illər ərzində mühüm inkişaf yolu keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası, habelə Türk Biznes Şurası kimi qurumların səmərəli işi nəticəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Beləliklə, TDƏŞ Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilib.
Bu gün türkdilli dövlətləri özündə birləşdirən TÜRK PA katibliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahının Bakıda yerləşməsi və ölkəmizdə fəaliyyət göstərməsi Azərbaycan dövlətinin təkcə beynəlxalq aləmdə deyil, həm də türk coğrafiyasında nüfuzunun göstəricisi, türkdilli dövlətlər arasında qardaşlıq və ictimai-siyasi əlaqələrinin möhkəmlənməsinə verdiyi önəmin nəticəsidir.
Prezident İlham Əliyevin türkdilli dövlətlərə səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına verdiyi önəmin nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdə, o cümlədən türk dünyasında nüfuzu getdikcə artır.
Əlamətdar haldır ki, bu il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Görüşdə pandemiya şəraitində türkdilli dövlətlərin əlaqəsinin genişləndirilməsi barəsində müzakirələr aparılmışdır.
Prezident Kitabxanasının əməkdaşları türk xalqlarının mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını internet məkanından toplayaraq “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı elektron resurs yaratmışlar. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Daha ətraflı: https://turklib.az/