Prezident Kitabxanasının Oxu zalında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Sərəncamına müvafiq olaraq ”Nizami Gəncəvi - 880” adlı geniş kitab sərgisi açılmışdır. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami irsi demək olar ki, ən çox nəşr olunan və ən çox oxunan ədəbiyyatlar sırasındadır. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin təbliğində kitabxanaların üzərinə böyük iş düşür. Bu məqsədlə açılmış sərgidə Kitabxananın fondunda saxlanılan, dahi şairin yaradıcılığını əks etdirən müxtəlif dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat nəşrləri nümayiş etdirilir. İlin sonuna kimi açıq olması nəzərdə tutulan sərgi yeni materiallarla daim yenilənir.