Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqi günü kimi qeyd olunur. Bu haqda qərar 2010-cu ildə Kanadanın Niaqara şəhər bələdiyyəsi və hər il keçirilən ənənəvi Niaqara Beynəlxalq Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilmişdir. Bu fakt xalqımızın milli irsi olan muğamımızın bəşəriyyətin ümumi sərvətinə çevrildiyindən xəbər verir. YUNESKO-nun muğamın ümumdünya bəşəri əhəmiyyətə malik dünya mədəniyyətinin qeyri-maddi irsinin  dəyərləri sırasına daxil edilməsi barədə qərarı muğamın və tar ifa sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəniyyətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə dəlalət edir.

Muğam- kökləri qədim dövrlərə gedən şifahi ənənə olan Azərbaycan peşəkar musiqisinin bir janrıdır. Bu janr əsrlər boyu formalaşmış, Azərbaycan xalqının musiqi, poeziya, fəlsəfə, estetika,  etika və digər elm və incəsənət sahələrindəki mənəvi dəyərlərini və nailiyyətlərini özündə ehtiva etmişdir. Muğam sənəti nəsildən-nəslə, ustaddan şagirdə ötürülməklə ənənələrin varisliyi prinsipi əsasında inkişaf etmişdir. Muğam sənətinin inkişafının yerli və tarixi xüsusiyyətləri, müəyyən bir dövrdə Azərbaycanın bu və ya digər bölgəsinə xas olan xüsusiyyətləri, bir çox muğam ifaçılarının parlaq fərdi istedadı və bir sıra digər xüsusiyyətlər eyni muğamların fərqli ifa variantlarının meydana çıxmasına şərait yaratmışdır. Bu qədim sənəti daha da zənginləşdirən Azərbaycan muğam məktəbləri - Bakı məktəbi (Abşeron yarımadası), Qarabağ məktəbi (mərkəzi Şuşa şəhəri), Şamaxı məktəbi (Şirvan), eləcə də Naxçıvan (mərkəzləri Naxçıvan və Ordubad şəhərləri) və Cənubi Azərbaycan (mərkəzləri - Təbriz və Ərdəbil şəhərləri) məktəbləri belə yaranıb inkişaf etmişdir.

Muğamların ifaçılığının yayılmasında və ifaçıların peşəkarlığının artırılmasında XIX əsrin 20-ci illərindən başlayaraq Şuşa, Bakı, Şamaxı, Yelizavetpol və s. kimi şəhərlərdə inkişaf etmiş ədəbi və musiqi dərnəkləri (məclisləri) mühüm rol oynamışdır. XIX əsrdə məclislər muğamın ictimai şəkildə dinlənildiyi əsas yerlərdən biri idi. Məhz məclislərin sayəsində xüsusi bir muğam dinləmək mədəniyyəti, həm də janrın ifaçılıq sənətinin qarşısında yüksək tələblər qoyan dinləyici mühiti yarandı.  Muğamın belə bir mühitdə inkişafı XIX və XX əsrin əvvəllərində Azərbaycan musiqiçilərinin peşəkar inkişafına təkan verdi.

Muğamların yazıldığı ilk qrammofon valı  1906-cı ildə işıq üzü gördü. Onun üzərində xanəndə Cabbar Qaryagdıoğlunun ifa etdiyi  muğamlar yazılmışdı. Bu val Riqadakı "Qrammafon" İngilis səhmdar cəmiyyəti şirkəti tərəfindən buraxılmışdı. 1906-1915-ci illərdə eyni zamanda Avropanın bir neçə səsyazma şirkəti - Fransanın "Patye qardaşları" şirkəti, Almaniyanın "Sport-Rekord" Səhmdar Cəmiyyəti, Rusiyanın "Monarx-Rekord", "Gramofon-Rekord", "Konsert-Rekord", "Premyer-Rekord" və "Ekstrafon" Azərbaycan muğamlarının, təsniflərinin və rənglərinin səs yazıları olan onlarla val yayımladı. Kiyevdə, Riqada, Varşavada, Peterburqda, Moskvada, Tiflisdə Ələsgər Abdullayevin, Seyid Mirbabaevin, İslam Abdullayevin, Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin, Məcid Behbudovun, Seyid Şuşinskinin və başqalarının ifasında muğamlar yazılmışdı. Sonralar həmin muğamlar bəstəkar Üzeyir Hacıbəyov tərəfindən 1908-ci ildə səhnəyə qoyulmuş və ilk Azərbaycan operası olmuş "Leyli və Məcnun" operası üçün musiqi materialı kimi istifadə edilmişdi. Operadakı əsas rolu, Məcnun rolunu tamaşaların birində "Hicaz Ərəbi" muğamının ifası ilə Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş xanəndə Hüseynqulu Sarabski oynamışdı. Bu opera milli opera sənətinin əsasını qoydu, bunun ardınca Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Hacı Baba Şərifov və başqa bəstəkarlar meydana çıxdı.

Müslüm Maqomayev Azərbaycanda ilk dəfə muğamların notla yazılmasını həyata keçirmişdir. 1928-ci ildə o, tarzən Qurban Pirimovun ifasında səslənmiş "Rast" muğamını nota köçürmüşdü. Bu not yazısı indi Bakıdakı Əlyazmalar İnstitutunda saxlanılır. Niyazi Tağızadə-Hacıbəyov isə Cabbar Qaryagdıoğlunun ifasında səslənmiş “Rast” və “Şur” muğamlarını nota köçürmüşdü.

1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün yaratdığı elmi-tədqiqat kabinetinin əməkdaşları bu sahədə xeyli iş görmüşdü. 1936-cı ildə muğamların notları nəşr edildi. Tofiq Quliyev "Rast" və "Zabul" muğamlarını, Zakir Bağırov isə tarzən Mənsur Mənsurovun ifasında "Diqah" muğamını nota yazdı. 30-cu illərin sonlarında Fikrət Əmirov Bilal Yəhyanın ifa etdiyi "Rast", "Şur" və "Segah" muğamlarını nota yazdı.

30-cu illərdən başlayaraq, SSRİ xalqlarının bütün xalq musiqi mədəniyyəti kimi, muğam da ən sərt dövlət nəzarəti altına düşdü. Uzun illər ərzində Azərbaycan milli musiqisinin beynəlxalq aləmə çıxışı bağlandı. İnsanların zehninə muğam (muğamat) zorən ibtidai bir sənət kimi təlqin edilirdi. Lakin belə cəhdlər milli bəstəkarların müqaviməti ilə qarşılaşırdı. Üzeyir Hacıbəyovun başçılıq etdiyi və muğam sənətinin biliciləri olan Azərbaycan ziyalıları bu mədəni irsin yaşamaq hüququnu müdafiə edə bildilər. Üstəlik, 1931-ci ildə Azərbaycan Konservatoriyasında xalq musiqisinin səsyazma və tədqiqat işlərinin aparıldığı  Elmi-tədqiqat kabineti yaradıldı.

Məhdudiyyətlərə baxmayaraq, SSRİ dövründə muğam geniş inkişaf etmişdi. Bu inkişafda Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Rubabə Muradova, Şövkət Ələkbərova, Töhfə Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov kimi xanəndələrin, Əhsən Dadaşov, Bəhram Mansurov kimi tarzənlərin və başqalarının böyük əməyi olmuşdur. XX əsrin ikinci yarısında muğamın inkişafına xanəndələr Ağabala Abdullayev, Mütəllim Mütəllimov, Sahib Şükürov, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, İslam Rzayev, Ağaxan Abdullayev, Alim Qasımov, Qədir Rüstəmov, Süleyman Abdullayev, Sabir Mirzəyev muğam ifaçılığında nəinki klassik ənənələri qoruyub saxlayır, həm də onun yeniləşməsinə öz töhfələrini verirdilər. 1960-cı illərdə tarzən Əhməd Bakıxanov tərəfindən ifa edilmiş instrumental muğamlarımızdan "Bayatı-Şiraz" və "Şur" (1962), "Şahnaz" (1963), "Çahargah" və "Humayun" (1962), "Segah-Zabul" və "Rahab" (1965) bəstəkar Nəriman Məmmədov tərəfindən nota köçürülmüş və nəşr edilmişdi.

XX əsrin yetmişinci illərində YUNESKO-nun səyləri sayəsində muğam yenidən canlanmağa başladı, Bu təşkilatın yardımı ilə 1971-ci ildə Moskvada, 1973-cü ildə Alma-Atada və 1978 və 1983-cü illərdə Səmərqənddə ənənəvi musiqi  üzrə ilk beynəlxalq simpoziumlar və festivallar keçirildi. Bu tədbirlər  Sovet cəmiyyətində ən geniş əks-səda doğuraraq, cəmiyyətdə ənənəvi musiqi sənəti - yüksək səviyyəli bir sənət kimi muğama maraq oyatdı. 70-ci illərdə bəstəkar Nəriman Məmmədov xanəndə Yaqub Məmmədovun ifa etdiyi "Çahargah" (1970) və Hacıbaba Hüseynovun ifa etdiyi "Rast" (1978) muğamlarını notlarına köçürdü.

1977-ci ildə Kamil Cəlilovun balabanda ifa etdiyi Azərbaycan muğamı qızıl diskə yazıldı və “Voyacer” kosmik zondu vasitəsi ilə Yer kürəsindən kənar sivilizasiyalara mesaj olaraq kosmosa göndərildi.

Azərbaycanda muğam sənətinin yenidən çiçəklənməsi XXI əsrin əvvəllərinə təsadüf etdi. Azərbaycan muğam ustaları ölkədə və xaricdə keçirilən konsert və festivallarda daha da fəal iştirak etməyə başladılar. Həmin  dövrdən başlayaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycan muğam mədəniyyətini bütün mürəkkəbliyi və müxtəlifliyi ilə əhatə edən bir sıra mühüm layihələr həyata keçirildi. Azərbaycanda muğamın təbliğinə yönəlmiş aparıcı konsert təşkilatı olan Beynəlxalq Muğam Mərkəzi yaradıldı. "Muğam-irs" adlı nəhəng layihə çərçivəsində ən yaxşı muğam ustalarımızın bənzərsiz ifasında muğamın səsini özündə cəmləşdirən bir neçə böyük audio albom nəşr edilərək yayımlandı ki, bunlardan "Qarabağ xanəndələri" və "Muğam dəstgahları" xüsusi qeyd edilməlidir. Bu dövrdə "Muğam ensiklopediyaları" nəşr olundu.

2009-cu, 2011-ci, 2013-cü, 2015-ci illərdə  Heydər Əliyev Fondunun  təşəbbüsü  və bilavasitə  rəhbərliyi  altında  keçirilən “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalları bütün dünyada əhəmiyyətli əks-səda doğurdu. Onların çərçivəsində  Azərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan ölkələrinin nümayəndələri iştirak  etmişdir.

Bu festival çərçivəsində ifaçılıq müsabiqəsi və elmi simpozium da  keçirilmişdir. 2011-ci ildə keçirilən 2-ci Simpozium, eyni zamanda, YUNESKO-da Beynəlxalq Ənənəvi Musiqi Şurasının (İKM) nəzdindəki Makam Elmi-tədqiqat qrupunun 7-ci Beynəlxalq Simpoziumu elan edilmişdi.

Bundan başqa, Muğam Mərkəzində Heydər Əliyev Fondunun  təşəbbüsü  ilə keçirilən Muğam  müsabiqəsinin seçim  turları və “Muğam  Televiziya  Müsabiqəsi-2011”, “Muğam  Televiziya  Müsabiqəsi-2013” və  “Muğam  Televiziya  Müsabiqəsi-2015” Azərbaycanın zəngin muğam irsinin təbliği üzrə əhəmiyyətli tədbirlər olmuşlar. 

Azərbaycanda hər il görkəmli muğam ifaçılarına həsr edilmiş müxtəlif yubiley tədbirləri, xatirə gecələri və konsertləri də keçirilir.

Bu və bir çox digər layihələr Azərbaycan muğam sənətinin, Azərbaycan mədəniyyətinin bütün dünyada inkişafına, yayılmasına və tanınmasına yardım edir.