Tarixdən səhifələr

Beynəlxalq Təhsil Günü

Beynəlxalq Təhsil Günü

Sivilizasiyalı inkişaf yolunu seçən hər bir ölkə üçün təhsil sistemi yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda dövlətin və cəmiyyətin rifahının, maddi və mənəvi yüksəlişinin, sosial və iqtisadi dayanıqlığının təmin edilməsində həlledici rol oynayır. Müasir dünyada insan kapitalının formalaşması bilavasitə təhsilin səviyyəsi ilə əlaqədardır və bu baxımdan təhsilin proqressiv inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasında yer alır.

Qlobal miqyasda təhsilin əhəmiyyəti beynəlxalq ictimaiyyət tərəfindən ardıcıl şəkildə vurğulanır. Davamlı sülhün təmin edilməsi, insan hüquqlarının və ictimai məsuliyyətin qorunması məqsədilə 3 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunu xüsusi qeyd edərək 24 yanvar tarixinin Beynəlxalq Təhsil Günü elan olunması barədə qətnamə qəbul etmişdir. Beynəlxalq Təhsil Günü hər il qeyd edilən beynəlxalq bayram kimi ədalətli və keyfiyyətli təhsilin, eləcə də hamı üçün ömür boyu təhsil imkanlarının təşviqinə xidmət edir. Bu günün qeyd edilməsində əsas məqsəd gender bərabərliyinin təşviqi, milyonlarla uşaq, gənc və böyüklərin yoxsulluqla mübarizədə fəal iştirakını mümkün edən bilik və bacarıqlarla təmin olunmasına şərait yaratmaqdır.

Mövcud qlobal reallıqlar göstərir ki, təhsilin əlçatanlığı hələ də ciddi çağırışlarla üzləşir. Dünyada 265 milyondan çox uşaq və yeniyetmə məktəbə daxil olmaq və təhsilini başa vurmaq imkanından məhrumdur. Onların beşdə birindən çoxunu ibtidai məktəb yaşında olan uşaqlar təşkil edir. Yoxsulluq, ayrı-seçkilik, silahlı münaqişələr, fövqəladə hallar və iqlim dəyişikliyi təhsil hüququnun reallaşmasına mane olan əsas amillər sırasındadır. Bu baxımdan təhsil artan iqlim dəyişikliyi, demokratik eroziya, davamlı bərabərsizliklər, zorakılıq və münaqişələrin qarşısının alınmasında mühüm ictimai vasitə kimi çıxış edir. BMT-nin müvafiq qərarlarında da vurğulandığı kimi, təhsil dayanıqlı inkişafın əsas dayaqlarından biridir və Beynəlxalq Təhsil Günündə üzv dövlətlər inklüziv və keyfiyyətli təhsilin inkişafına xüsusi diqqət yetirməlidirlər.

Təhsil eyni zamanda fundamental insan hüquqlarından biridir. Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində təsbit edilmiş, pulsuz və məcburi ibtidai təhsil əsas prinsip kimi müəyyən olunmuşdur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası isə ali təhsilin hamı üçün əlçatan olmasını dövlətlərin öhdəliyi kimi irəli sürmüşdür.

Azərbaycanın müasir təhsil sisteminin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun məqsədyönlü fəaliyyəti nəticəsində təhsil, elm və mədəniyyət sahələrində mühüm inkişaf mərhələsi başlanmışdır. Heydər Əliyev həm 1969–1982-ci, həm də 1993–2003-cü illərdəki rəhbərliyi dövründə milli dövlətçilik ideyasını ardıcıl şəkildə təşviq etmiş, Azərbaycanın beynəlxalq aləmdə zəngin tarixi və mədəni irsə malik ölkə kimi tanınmasına nail olmuşdur. Həmin dövrlərdə qəbul edilmiş qanunlar, dövlət proqramları, qərar və sərəncamlar ölkənin elm və təhsil sisteminin institusional inkişafında mühüm rol oynamışdır.

Hazırda Azərbaycanda təhsil sistemi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli və ümumbəşəri dəyərlər, demokratik və dünyəvi prinsiplər əsasında inkişaf etdirilir. Dövlətin təhsilə artan diqqəti və Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi irimiqyaslı layihələr ölkədə savadlılıq səviyyəsinin yüz faiz təmin edilməsinə, təhsilin bütün pillələri üzrə beynəlxalq standartlara uyğun islahatların aparılmasına imkan yaratmışdır.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu yalnız bilik və bacarıqların iqtisadi dəyərə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesi eyni zamanda etik və əxlaqi dəyərlərin formalaşmasına xidmət edir, insanın cəmiyyətin layiqli üzvü kimi yetişməsinə şərait yaradır və onu biliyi, məsuliyyəti və davranışı ilə seçilən vətəndaş kimi formalaşdırır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mərdanov, Misir Cumayıl oğlu. Azərbaycan təhsili dünən, bu gün, sabah / M. C. Mərdanov ; red. F. Qədirov. - Bakı : Təhsil, 2006. - 300 s.
  2. Həmidov, Habil Ağanemət oğlu. Azərbaycanda təhsil siyasəti : mərhələli inkişaf və konseptual aspektlər: monoqrafiya / H. A. Həmidov ; elmi red. A. Bəşirov ; red. C. Alıyev ; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı : Təknur MMC, 2010. - 160 s.
  3. Müasir təhsilə innovativ yanaşmalar: monoqrafiya / İ. H. Cəbrayılov [et al.] ; elmi red. A. N. Abbasov ; tərt. İ. H. Cəbrayılov ; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. - Bakı : Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatı, 2016. - 250 s.
  4. Müasir təhsilin nəzəri və praktik problemləri: monoqrafiya / Q. Novruzov [et al.] ; elmi red. A. N. Abbasov ; ön sözün müəl. Q. Novruzov; tərt. İ. H. Cəbrayılov ; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. - Bakı : Şahin-MB MMC, 2016. - 250 s.