Layihə çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunmuşdur.
Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim etmişdir. Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında ətraflı məlumat verən Nazim Mustafa auditoriyanın diqqətinə çatdırmışdır ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi assimilyasiyaya uğrayaraq erməniləşiblər: “Hazırda erməniləşmiş udilərin bir hissəsi Ermənistan Respublikasının Şəmşəddin (indiki Berd) rayonunun Noraşen və Arcvaberd (keçmiş Qırğı) kəndlərində məskunlaşıblar”.
Məruzəçi hazırda Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat vermişdir.