19 mart 2018-ci  il tarixində İFLA-nın keçmiş prezidenti, tanınmış Kanada kitabxanaçısı xanım İnqrid Parent Prezident Kitabxanasında olmuşdur. Xanım Parent Azərbaycana VI Qlobal Bakı Forumunda iştirak etmək üçün gəlmişdir və əvvəlcədən Prezident Kitabxanasına müraciət edərək buranı ziyarət etmək arzusunu bildirmişdi.
Kitabxanada olduğu zaman xanım Parent Kitabxananı gəzmiş, onun şöbələri, yerinə yetirdiyi işlər, göstərilən xidmət, Kitabxanada yaradılmış zəngin elektron informasiya resursları ilə yaxından tanış olmuşdur. Kollektivlə söhbət zamanı xanım Parent öz fəaliyyətindən, müasir  kitabxanaların missiyasından, kitabxanaların beynəlxalq əlaqələrinin vacibliyindən danışmışdır. O, Kitabxanada yerinə yetirilən işləri, tərtib edilmiş onlayn resursları, istifadəçilər və əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmiş, kollektivə bu nəcib  işdə uğurlar arzulamışdır. Xanım Parent Azərbaycan və Kanada kitabxanaları arasında əlaqələr qurulması, əməkdaşlığın təşkil edilməsi zərurətini qeyd etmiş və ölkəsinə qayıtdıqdan sonra bu istiqamətdə fəaliyyət göstərəcəyini bildirmişdir. Daha sonra qonaq Xatirə kitabına öz təəssüratını və kollektivə arzularını yazmışdır. Görüşün sonunda Kitabxananın direktoru Mayıl Əhmədov kanadalı qonağa Azərbaycanın tarixi və mədəniyyəti barədə kitabları hədiyyə etmişdir.