XIX əsrin 70-ci illərindən sonra Bakının yüksəliş dövrü başlanmışdır. Bakı tez bir zamanda quberniya mərkəzindən Rusiyanın irimiqayslı birinci dərəcəli neft sənayesi mərkəzinə çevrilmişdir. O dövrdə “neft bumu” dünyanın diqqətini Bakıya cəlb etmişdi. Belə bir vaxtda Fransada ixtira olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində olduğu kimi, çox keçmədən Bakıda da peydə oldu.

Tezliklə neft Bakısında yerli həyatdan bəhs edən müxtəlif mövzuda ilk kinosüjetlər çəkildi.

1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlandı. Həmin il iyunun 21-də Bakıda Vasil­Vyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən kinosüjetlər nümayiş etdirildi. Bu kinosüjetlər, naşir ve fotoqraf Aleksandr Mixayloviç Mişon tərəfindən Parisdə beynəlxalq sərgidə nümayiş etdirmək üçün lentə alınmışdı. Həmin kinosüjətlərdən ikisi -"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirilmişdir. Həmin kinosüjetlər hazirda Filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. A. Mişonun çəkdiyi  "Balaxanıda neft fontanı" filmi Bakıda 1898-ci il avqustun 2-də nümayiş etdirilmişdir. Bu tarixə əsaslanaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə  avqust 2-si Azərbaycan kinosu günü elan edilmişdir.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində kinoprokat kontorları yaradılmışdır. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1920-ci ildə Azərbaycan XI Qırmızı ordu tərəfindən işğal olunandan sonra ölkənin kino tarixinin yeni dövrü başlandı. Bu dövrdə çəkilən xronikal lentlər yeni ideologiyaya xidmət edirdi. Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah", "Vulkan üzərində ev", "Hacı Qara" kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. 

XX əsrin 1920-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə "Bakıda XI qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü", "Suraxanı neft mədənlərində yanğın", "Nəriman Nərimanovun dəfni", "Frunzenin iştirakilə Qızıl Ordunun manevri" və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. Həmin dövrdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda Mikayıl Mikayılov, Aleksandr Makovski, Aleksandr Litvinov kimi istedadlı rejissorlar çalışırdılar.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. 

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Böyük dramaturq Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları burada oxumuşdular. Cəfər Cabbarlını Azərbaycan kinossenaristlər məktəbinin yaradıcısı hesab etmək olar.

AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətkinosənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə bu günə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.

XX əsrin 30-cu illərdə Azərbaycan kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir. Birincisi, Azərbaycanda ilk dəfə cizgi kinosunun əsası qoyulmuş, 1935-ci ildə Azərbaycan xalq nağıllarının motivləri əsasında "Abbasın bədbəxtliyi" cizgi filmi çəkilmişdir. İkincisi, Respublikada ilk səsli bədii film - "Mavi dənizin sahilində" (1935) çəkilib ekranlara buraxılmışdır. Üçüncüsü, Azərbaycanda ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlanmış, həmin il butün SSRİ-də məşhur olan “Çapayev" bədii filmi dublyaj olunmuşdur.

1941-1945-ci illər müharibəsi dövründə əsasən xronikal sənədli filmlər çəkilib. Bunlardan “Beş dəqiqəlik konsert”, Vətən uğrunda”, “Biz Bakını müdafiə edirik”, “416-cı”, “General Həzi Aslanov” və s. qeyd etmək olar.

1950-ci illərin ikinci yarısında artıq bədii və sənədli filmlərin istehsalının həcmi nəzərə çarpacaq dərəcədə genişləndi. Sənətkarlıq baxımından bir-birindən xeyli fərqlənən filmlər istehsal olundu: "Görüş”, "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Onun böyük ürəyi", "Bir məhəllədən iki nəfər", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Ögey ana". Bu illərdə iki məşhur film - "Xəzər neftçiləri haqqında  dastan" və "Dənizi fəth edənlər" tammetrajlı bədii-sənədli  filmləri çəkilib ekranlara çıxarıldı.

Keçən əsrin 60-cı illərin  sonu, 70-ci illərin əvvəllərində Azərbaycan kinosunda həm bədii, həm də məzmun cəhətdən tədricən yeniləşmə dövrü kimi diqqəti cəlb edir. Azərbaycan kinosunun yeni mərhələsi başlandı və bu yeniləşməyə nisbətən orta və yaşlı nəslin nümayəndələri də qoşuldu. Bu dövrdə milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq problemlərinin daha kəskin həlli nəzərə çarpır. Həmin dövrdə yaranan "Bizim Cəbiş müəllim ", "Yeddi  oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Gün keçdi ", "Şərikli çörək", "Nəsimi", "Dədə Qorqud", "Babək" və s. filmləri buna misal göstərmək olar.  

Filmlərimiz müxtəlif illərdə bir çox beynəlxalq və ümumittifaq kinofestivallarda mükafatlara layiq görülmüşdür. Onların arasında "Sovet Azərbaycanı", "Dənizi fəth edənlər", "Dissonans", "Sərhəd" və başqa sənədli filmlər, həmçinin "Nəsimi", "Yaramaz", "Yarasa", "Hər şey yaxşılığa doğru", "Sarı gəlin", “İstintaq", "Ad günü", "Çalışqan adam" bədii filmləri vardir. 

1994-cü ildə Azərbaycan Dövlət Film Fondu yaradılmışdır. Fondda 2000-ə qədər adda Azərbaycan və xarici ölkə studiyalarında istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin surətləri, bundan başqa filmlərin ilkin materialları qorunub saxlanılır. Filmfond Beynəlxalq Kinoarxivlər Federasiyasının üzvüdür. Bu üzvülük Filmfonda dünyanın filmotekaları ilə sıx əlaqə saxlamağa imkan vermişdir. Azərbaycan Dövlət Filmfondu nəzdində kino muzeyi fəaliyyət göstərir.

Azərbaycan kinematoqrafçıları vətəndaş mövqeyindən çıxış edərək ermənilərin təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən "Hücum", "Tələ", "Fəryad", "Haray", "Ağ atlı oğlan", "Ümid", "Qarabağ şikəstəsi",  "Hər şey yaxşılığa doğru", "Sarı gəlin", "Dolu" və "Ailə" bədii filmlərini yaratmış, özlərinin vətənpərvərlik borcuna sadiq qalaraq ön cəbhədən çoxlu kinomateriallar çəkib gətirmiş, bu mövzuda "Qarabağ düyünü", "Vətən mənə oğul desə", "Naməlum torpaq", "Ulu diyarın harayı", "Qaçqınlar", "Qədirin sorağında" sənədli, "Ana", "Xocalı - əsrin  faciəsi",  "Həsrət", "Ruhum dağlar aşarsa...", "Qan yaddaşı", "Elan olunmamış müharibə", "Azadlıq ordusu", "Sərkərdə" və s. sənədli filmlər çəkmişlər. 

Ümummilli lider Heydər Əliyev Azərbaycan kinosunun tariximizdə rolunu belə səciyyələndirmişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşmuşdur”. 

Bu gün Azərbaycan kinosu artıq bazar iqtisadiyyatı şəraitində fəaliyyətini davam etdirir, azad bazara daxil olur, yeni-yeni sanballı filmlər ərsəyə gətirilir.