26 iyun tarixi hər il ölkəmizdə əlamətdar hadisə - Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Bu tarixin rəsmi şəkildə qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 22 may 1998-ci il tarixli sərəncamı ilə ADR-in hökuməti tərəfindən ölkənin ilk hərbi hissəsinin yaradıldığı 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd olunur.

Azərbaycanın tarixinin yeni dövründə ölkədə  Silahlı Qüvvələrin yaranması  Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünə təsadüf edir. Respublikanın daxilindəki və ətrafındakı vəziyyəti nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi yarandığı ilk günlərdən etibarən ölkənin müdafiəsini təmin edə biləcək bir milli ordunun yaradılmasını ən vacib vəzifə hesab edir və bu istiqamətdə səylər göstərirdi.  Məhz bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə hələ 11 dekabr 1917-ci ildə yaradılmış Müsəlman Korpusunun əsaında  "Əlahiddə Azərbaycan Korpusu" yaradıldı. 

1918-ci ilin noyabrında Azərbaycanda hərbi quruculuğun yeni mərhələsi başladı. Türk qoşunlarının Azərbaycanı tərk etməsindən sonra respublikanın müstəqilliyinin müdafiəsi vəzifəsi tamamilə öz hökumət orqanlarının üzərinə düşdü. Belə bir məqamda lazımi hərbi keyfiyyətlərə malik olan güclü bir ordunun formalaşması tarixi əhəmiyyətli tədbir idi. 

Ordunun yenidən qurulması və formalaşdırılması prosesini sürətləndirmək üçün həmin tarixi dövrün təcrübəsini nəzərə alaraq 23 oktyabr 1918-ci il tarixində Respublika hökumətinin iclasında Hərbi Nazirliyinin bərpa edilməsi barədə qərar qəbul edildi. Nazirlər Şurasının qərarına uyğun olaraq 1918-ci il 7 noyabr tarixində Hərbi Nazirlik yaradıldı. Nazir vəzifəsi Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə tapşırıldı. Nazir müavini vəzifəsinə isə 1918-ci ilin oktyabr ayından Azərbaycanın dövlət orqanlarında çalışan, Hərbi Nazirliyinin yaradılması işi  həvalə edilmiş artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi. Yaradılan yeni ordu birləşmələri 1919-cu ildə qısa müddətdə cəbhələrdə bir sıra vacib hərbi əməliyyatlar həyata keçirdilər.

Sovet İttifaqının mövcud olduğu dövrdə tariximizin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı səhifələri, o cümlədən ilk respublikanın hərbi quruculuq tarixi də “qapalı mövzu” kimi diqqətdən kənarda qalmışdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa etdikdən sonra isə hakimiyyəti ələ keçirən bir qrup siyasətçinin günahından gənc respublikanın hərbi strukturu yaranmazdan əvvəl mənəvi cəhətdən iflasa uğramışdı. Özbaşınalıq və intizamsızlığın hökm sürdüyü  yeni yaradılmış hərbi hissələr konstitusiya vəzifəsini - torpaqlarımızı erməni işğalçılarından qorumaq vəzifəsini yerinə yetirmək qabiliyyətində deyildilərYalnız 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın ordu quruculuğunun yeni bir mərhələsinin təməli qoyuldu.  

Silahlı Qüvvələrin qurulması prosesi xalqın milli xüsusiyyətləri, tarixi, mədəni və hərbi ənənələri, respublikanın iqtisadi potensialı, habelə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməyə başladı. Bu dövrdə xalq arasında orduya inamın canlandırılmasında Heydər Əliyevin müstəsna xidmətləri oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə böyük siyasətçi deyil, həm də peşəkar hərbçi idi. Ulu öndər hakimiyyətə gəldikdən sonra onun siyasətinin əsas elementlərindən biri məhz yüksək peşəkarlığı malik ordunun yaradılması idi.

Qeyd edək ki, Heydər Əliyev uzaqgörənliklə hələ Sovet dövründə hərbi quruculuq sahəsində tədbirlər həyata krçirmiş, xüsusən də hərbi təhsil sisteminin ilk pilləsinin təməlinin qoyulması istiqamətində fəaliyyət göstərmişdi. Cəmşid Naxiçıvanı adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması (1971; indi Hərbi Lisey), SSRİ-nin ali hərbi məktəblərinə göndərilən gənc azərbaycanlıların sayının artırılması və qəbul olunduqda təqdirdə onlara güzəştlərin verilməsi  onun uzaqgörən siyasətinin təzahürü idi. 

Yenidən hakimiyyətə qayıtdıqdan sonra isə  Heydər Əliyev əsası 1918-ci ildə qoyulmuş milli hərbi quruculuq ənənələrini davam etdirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün  ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların peşə səviyyələrinin artırılması, hərbi sahədə elmi tədqiqatların aparılması, dövlət orqanlarında hərbi-strateji, hərbi-iqtisadi vəzifələrdə çalışan, respublikanın müdafiəsi ilə əlaqəli hərbi-siyasi problemlər üzərində işləyən yüksək vəzifəli şəxslərin təhsili məqsədi ilə 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı. 2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondu vacib əhəmiyyətə malik idi. Hazırda Azərbaycanda güclü maddi və tədris bazası, müasir texnologiyalar və tədris metodları əsasında fəaliyyət göstərən hərbi təhsil sistemi mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordunun formalaşdırılması və milli təhlükəsizlik siyasətinə dair ümummilli lider Heydər Əliyevin başladığı fəaliyyəti layiqincə davam etdirir. Ölkəmizin son illərdəki dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun ardıcıl şəkildə möhkəmləndirilməsi bir daha Prezident İlham Əliyevin ölkənin müdafiəsi sahəsində xalqa verdiyi vədlərə sadiq qaldığını sübut edir. Onun xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun hərbi gücü artmış, maddi-texniki bazası xeyli möhkəmlənmiş, hərbiçilərin sosial vəziyyəti yaxşılaşmışdır.

Hazırda ordu quruculuğu respublikada prioritet məsələlərdən biridir. Müharibə şəraitində yaşayan bir ölkə üçün bunun xüsusi əhəmiyyəti vardır. Son illərdə Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçmiş, ordunun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti yüksəldilmişdir. Ordunun maddi-texniki bazası daim təkmilləşdirilir, peşəkarlığı isə durmadan artır. Hərbi ekspertlərin rəyinə görə, dünyanın ən mütəşəkkil ordularından biri məhz respublikamızda formalaşdırlmışdır.

Azərbaycanda müdafiə sənayesi də əhəmiyyətli inkişaf yolu keçmişdir. Ölkəmiz artıq güclü bir hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir, hərbi təyinatlı məhsullarının ixrac imkanları ildən-ilə artır. Gələcəkdə yerli istehsalın genişləndirilməsi üçün çox işlər görülür. Eyni zamanda ölkəmiz xaricdən ən müasir hərbi texnika alır.

Müasir Azərbaycan ordusu Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyası sayəsində meydana gəlmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın qüdrətli silahlı qüvvələri sırasında layiqli yerini tutmuşdur.