Azərbaycanda iyun ayının 18-i İnsan Hüquqları günü kimi qeyd olunur. 18 iyun 1998-ci ildə ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi və bu sahədə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən olunması nəzərə alınaraq Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Azərbaycanda İnsan Hüquqları günü təsis edilib.
Azərbaycanda demokratik cəmiyyətin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda bəyan edilmişdi. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən sonra demokratikləşmə prosesi sürətləndi. Konstitusiyada dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması, dövlətin demokratik, hüquqi və dünyəvi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması, insan hüquqları və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması kimi təməl prinsiplər təsbit olunmuşdur.
Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunmasını şərtləndirən dövlətin ali məqsədi bəyan olunur. Konstitusiyanın bu müddəasını insanın, onun hüquqları və azadlıqlarının cəmiyyətdə ali nemət kimi dəyərləndirildiyini, dövlətin, onun bütün orqanlarının və vəzifəli şəxslərinin fəaliyyətinin son nəticədə insan hüquqlarının və azadlıqlarının təmin olunmasına yönəldilməli olduğunu müəyyən edən norma kimi də xarakterizə etmək olar.
İnsan hüquqları və azadlıqlarının müdafiəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanları və onların vəzifəli şəxsləri tərəfindən insan hüquqları və azadlıqlarının pozulması hallarının qarşısını almağı və müvafiq hüquqi təminatlar sistemi yaratmağı, habelə pozulmuş hüquqların bərpası üzrə məhkəmə və inzibati orqanların təsirli fəaliyyətim nəzərdə tutur. Konstitusiyanın 24-cu maddəsində nəzərdə tutulur ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Hüquq və azadlıqların toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsində təsbit edilmişdir.
Dövlət konkret vəziyyətlərdə insan hüquqları və azadlıqlarının həyata keçirilməsini qismən və müvəqqəti məhdudlaşdıra bilər. Bu şərtlər Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununda öz əksini tapmışdır.
İnsan hüquq və azadlıqlarına ali dəyərlər kimi xüsusi önəm verən ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildən ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdur. 
Azərbaycan Respublikasının Prezidentinin insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarının təminatını gücləndirmək məqsədilə imzaladığı 22 fevral 1998-ci il tarixli “İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə bu istiqamətdə dövlət siyasətinin başlıca prioritetləri müəyyən edildi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə qanunvericilik və institusional islahatların həyata keçirilməsinə yeni bir təkan vermiş oldu. Həyata keçirilən islahatlar demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin formalaşmasına, konstitusiya nəzarəti funksiyasını həyata keçirən xüsusi məhkəmə orqanının yaradılmasına, insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsinə, hüquq mühafizə fəaliyyətinin daha da təkmilləşdirilməsinə, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin genişləndirilməsinə səbəb olmaqla insan hüquqlarının təmin olunması sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib çıxardı.
BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ikinci mərhələsi Azərbaycan Respublikasının 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunması ilə başladı. Belə ki, Avropa Şurasına üzv olan respublikamız «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulmaqla insan hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq öhdəliklər, o cümlədən bu sahədəki qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi və s. ilə bağlı öhdəliklər götürdü.
Həyata keçirilən hüquqi islahatlar nəticəsində 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. Sonradan ombudsman təsisatının respublikanın regionlarında mərkəzləri və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutu təsis olunmuşdur.
24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Bu planın məntiqi davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir.
Azərbaycanda insan, vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.