Rusiya Elmlər Akademiyasının N. Mikluxo Maklay adına Etnologiya və Antropologiya İnstitutunun və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə hazırladıqları “Азербайджанцы» (“Azərbaycanlılar”) kollektiv monoqrafiyası bu günlərdə Moskvada “Наука” nəşriyyatında rus dilində işıq üzü görmüşdür. 1992-ci ildən nəşr edilən “Xalqlar və mədəniyyət” seriyasının növbəti buraxılışı Azərbaycana və azərbaycanlılara həsr edilmişdir. Azərbaycan xalqının tarixi-etnoqrafik təsvirini əhatə edən monoqrafiyanın müəllifləri azərbaycanlı və rusiyalı alimlərdir. Monoqrafiyaya Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın (Nazim Mustafayev) “Ermənistan azərbaycanlıları” başlıqlı məqaləsi daxil edilmişdir.
İllüstrativ materiallarla zəngin monoqrafiya tarixçilər, etnoloqlar, kulturoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.